 İnsan hüquqları üzrə Avropa Məhkəməsi
Birinci bölmə
Hümmətov Azərbaycana qarşı
(Şikayətlər № 9852/03 və 13413/04)
Qərar
Strasburq, 29 noyabr 2007-ci il
Hümmətov Azərbaycana qarşı iş üzrə,
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə,
cənab L. Lukaides, Sədr,
cənab A. Kovler,
xanım E. Steyner,
cənab X. Hacıyev,
cənab D. Spilman,
cənab S.E. Jebens,
cənab C. Malinverni; hakimlər,
və cənab A. Uampaş, Bölmə Katibinin müavini,
08 noyabr 2007-ci ildə qapalı şəkildə müzakirə edərək, həmin gündə bu qərarı qəbul edir:
Prosedur
1.
«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında»
Konvensiyanın («Konvensiya») 34-cü maddəsinə əsasən vətəndaşlığı
olmayan cənab Ələkrəm Ələkbər oğlu Hummətov («ərizəçi») tərəfindən
Azərbaycana qarşı verdiyi şikayətlər üzrə (№ 9852/03 və 13413/04) iş
müvafiq olaraq 13 mart 2003-cü il və 31 mart 2004-cü ildə
başlanılmışdır.
2.
Hüquqi yardım alan ərizəçini Niderlandda işləyən vəkil cənab M.
Ferştman təmsil edib. Azərbaycan Hökumətini («Hökumət») onun
nümayəndəsi cənab Ç. Əsgərov təmsil edib.
3.
Ərizəçi, xüsusilə iddia etdi ki, həbsxanada ona adekvat tibbi yardım
göstərilməyib, adekvat tibbi yardımın olmamasına qarşı səmərəli
vasitələr olmayıb və ona açıq və ədalətli məhkəmə araşdırılması təqdim
edilməyib.
4.
05 iyul 2005-ci ildə Palatanın Sədri şikayətləri birləşdirmək qərarına
gəlib. 18 may 2006-cı il tarixli qərardadı ilə Məhkəmə şikayətləri
qismən məqbul elan edib.
5. Ərizəçi və Hökumət hər biri mahiyyət üzrə izahatlarını təqdim ediblər (59-cu qaydanın 1-ci bəndi).
Faktlar
I. İşin halları
6. Ərizəçi 1948-ci ildə Azərbaycanın Lerik rayonunda anadan olub və hazırda Niderlandın Haaqa şəhərində yaşayır.
A. Həbs, məhkumluq və cəzanın yüngülləşdirilməsi
7.
1988-ci ilədək ərizəçi Azərbaycanın Lənkəran şəhərində yerləşən
nəqliyyat anbarının müdir müavini olub. 1988-ci ildə o, siyasi
partiyaya qoşulub və siyasi karyerasına başlayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlanarkən, o, milli
orduya daxil olub və onun komandirlərindən birinə çevrilib. 1993-cü
ilin yayında ölkədə mülki və siyasi qarşıdurmalar olan dövrdə o, Dağlıq
Qarabağdan doğma Lənkərana qayıdıb.
8.
1993-cü ilin iyununda ərizəçi Azərbaycanın cənubunda Lənkəranla
birlikdə bir neçə qonşu rayonları əhatə edən muxtar siyasi qurumun
yaradılmasına dair təklif irəli sürüb. Mərkəzi hakimiyyət bu ideyanı
qəbulolunmaz hesab edib. 07 avqust 1993-cü ildə ərizəçi tərəfdarları
ilə birgə Azərbaycan Respublikasının daxilində «Talış-Muğan Muxtar
Respublikası»nın yaradılmasını bəyan ediblər. Ərizəçi onun «Prezident»i
seçilib. Həmin vaxtda o, Lənkəranda yerləşən hərbi hissələri tabe
etdirməyə, eləcə də mərkəzi hakimiyyət tərəfindən təyin olunmuş bəzi
regional vəzifəli şəxsləri kənarlaşdırmağa və həbs etməyə çalışırdı.
Bundan sonra, müəyyən ictimai iğtişaşlar başlayıb və bu iğtişaşlar
zamanı bir neçə insan öldürülüb.
9.
1993-cü ilin sonlarında ərizəçi həbs olunub və Milli Təhlükəsizlik
Nazirliyinin saxlanılma mərkəzinə yerləşdirilib. Barəsində olan
istintaq, inter alia, vətənə xəyanət va dövlətin konstitusiya
institutlarına qarşı silahlı qüvvələrdən istifadə etmək ittihamına
gətirib çıxarıb.
10.
1994-cü ilin sentyabrında ərizəçi, başqa üç məhbusla saxlanılma
mərkəzindən qaçıb. Ərizəçi nəhayət 1995-ci ilin avqust ayında tutulub
ikinci dəfə həbs edilənə kimi gizlənib.
11.
Ərizəçiyə görə, ibtidai həbsin bütün vaxtı ərzində o, işgəncənin
müxtəlif formalarına məruz qalıb. Ona həkimlə görüşməyə icazə
verilməyib, Həyat yoldaşının həbsi və cinayət təqibinə məruz qalması
hədəsi altında o özünə qarşı ifadələr verməyə məcbur olunub. Həyat
yoldaşı və oğlu daxil olmaqla, onun yaxın dostları və qohumları da
hakimiyyət orqanları tərəfindən təqibə və fiziki işgəncəyə məruz
qalıblar. Təqiblərin davam edəcəyindən qorxaraq, həyat yoldaşı ilə oğlu
ölkəni tərk ediblər və Niderlandda sığınacaq axtarıblar.
12.
Ərizəçi barəsində cinayət işinə birinci instansiya qismində Ali
Məhkəmənin Hərbi Kollegiyası tərəfindən baxılıb. O, altı başqa ittiham
olunan şəxslərlə birikdə mühakimə edilib. 12 fevral 1996-cı ildə
ərizəçi vətənə xəyanətə (əmlakı müsadirə olunmaqla on iki il azadlıqdan
məhrum etmə), dövlət hakimiyyətinin qanunsuz mənimsənilməsi (iki il
azadlıqdan məhrum etmə), azadlıqdan qanunsuz məhrum etmə (üç il
azadlıqdan məhrum etmə), silahlara icazəsiz sahib olma (beş il
azadlıqdan məhrum etmə), həbsdən qaçma (iki il azadlıqdan məhrum etmə)
və qanunsuz hərbi birləşmələrin yaradılmasına (əmlakı müsadirə
olunmaqla ölüm cəzası) görə məhkum edilmişdir. Cəzaların
birləşdirilməsi yolu ilə ərizəçi əmlakı müsadirə olunmaqla ölüm
cəzasına məhkum edilib. Ən yuxarı tribunalın qərarı olduğu üçün bu hökm
qəti olub və həmin vaxtda ondan şikayət verilə bilməzdi.
13.
Məhkum olunmasından sonra, 1996-cı ilin iyun ayında ərizəçi Bayıl
həbsxanasının ölüm cəzasını çəkənlər üçün nəzərdə tutulmuş 5-ci
korpusuna köçürülüb. Cəza növü kimi ölüm cəzasının həmin vaxtda mövcud
olmasına baxmayaraq, Azərbaycanın hakimiyyət orqanları 1993-cü ildən
ölüm cəzasının moratoriyası siyasətinə de fakto riayət ediblər və bu,
ölüm cəzasının 1998-ci ildə ləğv olunmasınadək davam edib.
14.
10 fevral 1998-ci ildə Parlament bütün müvafiq daxili hüquqi müddəaları
dəyişərək ölüm cəzasını ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəz
edən «Azərbaycan Respublikasında ölüm cəzasının ləğvi ilə bağlı
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Cinayət-Prosessual
Məcəlləsinə və İslah-Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında»
Qanun qəbul edib. Ərizəçi daxil olmaqla, ölümə məhkum olunan bütün
məhkumların cəzaları avtomatik olaraq ömürlük azadlıqdan məhrum etmə
cəzasına dəyişdirilməli idi.
15.
Yeni cəzaya baxmayaraq, ərizəçi 2001-ci ilin yanvarınadək Bayıl
həbsxanasının 5-ci korpusunda (əvvəlki «ölüm yeri») saxlanıldı.
Ərizəçiyə görə, Bayıl həbsxanasında həbsin şəraiti sərt və qeyri-insani
olub və orada onu tez-tez döyüblər. O, müxtəlif ciddi xəstəliklərdən
əziyyət çəkib və zəruri və adekvat tibbi müalicəni ala bilməyib (bax,
aşağıda C. bölməsi). 2001-ci ilin yanvarında o, ömürlük azadlıqdan
məhrum etmə cəzasını çəkənlər üçün Qobustan qapalı həbsxanasına
köçürülüb (bundan sonra — «Qobustan həbsxanası»).
B. Apellyasiya və kassasiya məhkəmələri tərəfindən cinayət işinə yenidən baxılması
16.
2000-ci ildə Azərbaycan Respublikasının yeni Cinayət-Prosessual
Məcəlləsi və yeni Cinayət Məcəlləsi qəbul olunub. 01 sentyabr 2000-ci
ildə yeni CPM-in qüvvəyə minməsindən əvvəl 14 iyul 2000-ci ildə
Parlament köhnə cinayət-prosessual qaydalara müvafiq olaraq çıxarılmış
birinci instansiya məhkəməsinin qərarlarından şikayət etməyə icazə
verən keçid qanunu qəbul edib.
17.
Bundan bir qədər sonra, Azərbaycan Avropa Şurasına daxil olarkən,
ərizəçi Baş Katibin müstəqil ekspertləri tərəfindən «siyasi məhbus»
hesab olunub (ekspertlərin müvafiq hesabatlarında ərizəçinin adı
«Əlikrəm Hümbətov» kimi göstərilib, ola bilər ki, bu onun adının rus
dilindən tərcüməsinə uyğun olsun). Azərbaycan üzərinə öhdəlik götürüb
ki, bu ekspertlər tərəfindən «siyasi məhbus» kimi tanınan bütün
şəxsləri buraxsın və ya onların işinə yenidən baxsın.
18.
2000-ci ildə daxili cinayət və cinayət-prosessual qanunvericiliyin
islahatından sonra və «siyasi məhbusların» işinə yenidən baxmaq
haqqında Avropa Şurası qarşısında Azərbaycanın öhdəliklərini nəzərə
alaraq, 20 dekabr 2001-ci ildə Baş Prokuror ərizəçinin işinə yenidən
baxılmasına icazəni xahiş etməklə, Apellyasiya Məhkəməsinə apellyasiya
protesti verdi. 24 yanvar 2002-ci ildə Apellyasiya Məhkəməsi bu
müraciəti təmin etdi və Ali Məhkəmənin 12 fevral 1996-cı il tarixli
hökmündən şikayətin verilməsinə icazə verdi.
19.
29 yanvar 2002-ci ildə ərizəçi Apellyasiya Məhkəməsinə apellyasiya
şikayətini verdi. O, məhkəmədən xahiş etdi ki, işin yeni istintaqını
aparsın, kütləvi informasiya vasitələrinin nümayəndələrinin və xarici
təşkilatların, rəsmilərinin iştirakı ilə adi məhkəmə zalında açıq iclas
keçirsin və 1993-cü ildə Lənkəran regionunda olan siyasi hadisələrə
qiymət versin. 23 aprel 2002-ci ildə Apellyasiya Məhkəməsi qərara gəldi
ki, yeni istintaq və açıq araşdırma barədə ərizəçinin tələblərini
təmin, qalan tələbləri isə rədd etsin.
20.
Mahiyyəti üzrə məhkəmə iclası Ədliyyə Nazirliyinin Saxlanılma
Mərkəzində keçirilməli idi. Lakin 13 may 2002-ci ildə Apellyasiya
Məhkəməsi Nazirliyin Saxlanılma Mərkəzində təmir işləri aparıldığına
əsaslanaraq, iclasın keçirilməli olduğu yeri Qobustan həbsxanasına
dəyişdirdi. Ərizəçi Qobustan həbsxanasında keçirilən hər hansı iclasda
iştirak etməkdən imtina etməklə bu qərara etiraz etmişdir. 14 may
2002-ci ildə Apellyasiya Məhkəməsi onun məcburi iştirakını əmr etdi.
21.
Apellyasiya Məhkəməsinin mahiyyəti üzrə iclasları ümumi sahəsi 150 m2
olan, ayrıca müşavirə otağı daxil olmaqla, məhkəmə zalına malik olan
Qobustan həbsxanasında keçirilib. Hökumətə görə, bu məhkəmə zalı
müşahidələr üçün 50 nəfərlik yerə malik olub.
22.
Tərəflər Qobustan həbsxanası ilə Bakı arasında həqiqi məsafə ilə bağlı
ixtilafa düşmüşlər (Hökumətə görə 45 kilometr, ərizəçiyə görə isə 75
kilometr). Bakıdan həbsxanaya mütəmadi nəqliyyat mövcud deyildir.
Həbsxananın ciddi buraxılış rejiminə görə müşahidəçi kimi iclasda
iştirak etmək niyyətində olan şəxslər bunun üçün sədrlik edən hakimdən
icazə almalı olmuşlar. Sədrlik edən hakim öz növbəsində belə şəxslərin
həsbxanaya keçməyə icazənin verilməsi üçün həbsxana müdiriyyətinə
müraciət edirdi. İclasa buraxılan müşahidəçilər həbsxananın məhkəmə
zalına daxil olmaqdan əvvəl şəxsi axtarışa məruz qalmışlar.
23.
Apellyasiya Məhkəməsi iyirmidən artıq iclaslar keçirib və birinci
instansiyada araşdırma zamanı dindirilmiş altı şəxsin ifadələri iclas
zamanı oxunulmaqla, 60-dan artıq şahidlərin ifadələrini araşdırıb.
24.
Apellyasiya araşdırmalarının gedişatında ərizəçi bir neçə vəsatətlər
vermiş, inter alia, məhkəmənin qərəzsizliyini mübahisələndirmiş,
iclasların audio və video lentə alınmasını, açıq və yüksək təhlükəsiz
həbsxanasından uzaq keçirilməsini, əlavə şahidlərin ifadələrinin və
başqa əlavə sübutların qəbul olunmasını məhkəmədən tələb etmişdir.
25.
10 iyul 2003-cü ildə Apellyasiya Məhkəməsi ərizəçinin barəsində cinayət
işi üzrə yekun qərarını çıxardı. Apellyasiya Məhkəməsi ərizəçinin
əmlakının müsadirə olunması hissəsinə aid 12 fevral 1996-cı il tarixli
əvvəlki hökmü ləğv etdi. Lakin Apellyasiya Məhkəməsi ərizəçinin məhkum
olunmasını qüvvədə saxladı və 10 fevral 1998-ci il tarixli
dəyişiklikləri nəzərə almaqla, cinayətlərin törədildiyi vaxtda tətbiq
edilməli olan cinayət qanununa müvafiq olaraq ona ömürlük azadlıqdan
məhrum etmə cəzasını təyin etdi.
26.
Ərizəçi Ali Məhkəməyə kassasiya şikayəti verdi. Şikayətində o, inter
alia, Apellyasiya Məhkəməsi tərəfindən daxili qanunvericiliyin maddi və
prosessual normalarının pozulmasından, Qobustan həbsxanasında keçirilən
araşdırmanın açıq və ədalətli olmamasından, eləcə də ömürlük azadlıqdan
məhrum etmə cəzasının qanunsuz olmasından şikayətləndi.
27.
05 fevral 2004-cü il tarixli qərarı ilə Ali Məhkəmə ərizəçinin
kassasiya şikayətini təmin etmədi. Bu məhkəmə ömürlük azadlıqdan məhrum
etmə cəzasını saxladı, lakin 10 fevral 1998-ci il tarixli
dəyişikliklərlə 1960-cı il tarixli əvvəlki Cinayət Məcəlləsinin tətbiq
edilməsi əvəzinə hökmün əsasında duran hüquq pozuntusunu yeni Cinayət
Məcəlləsinin 279.3-cü maddəsinə tövsif edərək, Apellyasiya Məhkəməsinin
qərarını qismən dəyişdirmişdir. Apellyasiya baxışının açıq
keçirilməməsinə dair ərizəçinin şikayətinə gəldikdə, Ali Məhkəmə belə
qənaətə gəldi ki, müstəqil müşahidəçilərin məhkəmə araşdırılmasına
qoşulmasının təmin edilməsi üçün bütün zəruri tədbirlər görüldüyü üçün
bu şikayət əsassızdır.
C. Həbs zamanı tibbi müalicə
1. Həbsxanada ərizəçinin sağlamlıq kitabçası
28. Hökumət tərəfindən təqdim olunmuş tibbi məlumatlardan, bu məlumatların fərqli olduğu nəzərə alınmaqla, aşağıdakılar görünür.
(a) 15 aprel 2002-ci ilədək
29.
1995-ci ildə həbs ediləndən sonra ərizəçi 07 noyabr 1995-ci ilədək Bakı
şəhəri Polis İdarəsinin müvəqqəti saxlanılma kamerasında
yerləşdirilmişdir. Bu müddət ərzində onun barəsində hər hansı tibbi
yoxlamalar aparılmayıb.
30.
07 noyabr 1995-ci ildə o, 1 saylı İstintaq təcridxanasına keçirilmiş və
28 dekabr 1995-ci ilədək orada saxlanılmışdır. 08 noyabr 1995-ci ildə
o, həkim tərəfindən müayinə olunub və onun vərəmə yoluxmaması, eləcə də
onda yaraların olmaması müəyyən olunub. Ərizəçi, həmçinin həkimi
məlumatlandırıb ki, 1992-ci ildə iki dəfə infarkt keçirib.
31.
28 dekabr 1995-ci ildən 03 iyun 1996-cı ilədək ərizəçi Milli
Təhlükəsizlik Nazirliyinin saxlanılma kamerasında yerləşdirilmişdir.
Görünür ki, bu müddət ərzində o, bir neçə dəfə həkimlə görüşməyi tələb
edib və iztirab çəkməkdən, sinəsində ağrıdan, eləcə də görmək
qabiliyyətinin pisləşməsindən şikayətlənib. Lakin hər hansı ciddi
xəstəliklər müəyyən edilməyib.
32.
Ərizəçiyə görə, 1996-cı ilin iyun ayından 2001-ci ilin yanvar ayınadək
saxlanıldığı Bayıl həbsxanasında o, müxtəlif dövrlərdə adları İsmayıl
Bəşirov (ya Behbudov), Akif Qasımov, Hafiz Hacıyev, Azad Quliyev və
Surqay olan şəxslərlə bir kamerada saxlanılıb. Bu şəxslər artıq ciddi
şəkildə vərəmlə xəstələnmiş və bundan sonra vəfat etmişlər.
33.
2006-cı il ərzində ərizəçi bir neçə dəfə sinəsində ağrılardan
şikayətlənib. 1997-ci ilin fevral-mart aylarında ərizəçi bir neçə dəfə
həbsxana həkimi tərəfindən müayinə olunub və onun stenokardiya, xroniki
bronxit və asteniya kimi bir neçə xəstəliklərə düçar olması müəyyən
olunub. Bu vaxtlar onun hündürlüyü 175 santimetr, çəkisi isə 55
kiloqram olub.
34.
22 aprel 1997-ci ildə həbsxana həkimləri ərizəçinin ağ ciyərində vərəm
aşkar ediblər. 23 aprel 1997-ci ildə o, rentgen müayinədən keçib və bu
müayinə ilə onun «sol ağ ciyərində vərəmin» olması təsdiq edilib. Ona
streptomisin, rifampisin, hemodez, multivitamin və vitamin B daxil
olmaqla müxtəlif dərmanlar yazılıb. 15 aprel 1998-ci ildə aparılan
sonrakı tibbi yoxlama xəstəliyin hələ də mövcud olduğunu aşkar edib. 07
sentyabr 1998-ci ildə xəstəliyin yaxşılaşması müşahidə olunub.
35.
19 may 1999-cu ildə ərizəçi «yaxşılığa doğru gedən vərəm» xəstəsi olan
kimi müəyyən olunmuş və ona izoniazid, rifampisin və multivitaminlar
yazılmışdır. 07 sentyabr 1999-cu il tarixdə ona streptomisin və
rifampisin yazılıb.
36.
2000-ci ilin fevral ayında ərizəçi, onun sağlamlıq vəziyyətindən
narahatlığı ifadə edən və hakimiyyət orqanlarından zəruri tədbirlərin
görülməsini tələb edən Helsinki Vətəndaş Assambleyasının nümayəndələri
tərəfindən ziyarət olunub. Bundan sonra, 16 mart 2000-ci ildə həbsxana
həkimlərinin başqa tibbi müayinəsi vərəmin yenidən aktivləşməsini və
stasionar müalicənin zəruri olduğunu aşkar edib. 20 mart 2000-ci ildə
ərizəçi vərəmdən əziyyət çəkən məhbuslar üçün nəzərdə tutulmuş, Bakının
yaşayış məntəqəsi olan Binədə yerləşən 3 saylı Xüsusi Tibb Müəssisəsinə
keçirilmişdir.
37.
Ərizəçiyə görə, həbsxana həkimləri tərəfindən onunla pis rəftar edilib
və yalnız 26 mart 2000-ci ildə o, tibbi müalicəni almağa başlayıb.
Müalicə Dünya Səhiyyə Təşkilatının DOTS (Birbaşa Müşahidə Olunan
Müalicə, Qısa-kurs) proqrama əsaslanıb. Ərizəçi izoniazid, ezambutol,
rifampisin, streptomisin, pirazinamid və multivitaminlərlə müalicə
edilib. 18 may 2000-ci ildə ərizəçi, vərəmin simptomları əsasən aradan
qaldırıldığı üçün «kliniki sağalmış» hesab olunub. 19 may 2000-ci ildə
ərizəçi xəstəxanadan buraxılıb və həbsxana kamerasına qaytarılıb.
Xəstəxanada ərizəçinin həqiqi stasionar müalicəsinin müddəti 49 gün
olub.
38.
27 yanvar 2001-ci ildə Qobustan həbsxanasına keçirilməsindən sonra
ərizəçi həbsxana həkiminə təngnəfəslikdən, baş ağrılarından,
tərləməkdən, öskürməkdən və sinə ağrılarından şikayət edib və ona
izoniazid, rifampisin və başqaları kimi müəyyən dərmanlar yazılıb. 15
iyun 2001-ci ildə ərizəçinin «sol ağ ciyərində möhkəmlənmə fazasında
vərəm» və streptokokkal impetigo (dəri infeksiyası) müəyyən olunub və
ona impetigo üçün tibbi müalicə yazılıb. 16 iyul 2001-ci ildə yeni
dərmanlar yazılıb və görünür ki, dəri xəstəliyi sonra sağalıb.
39. 11 fevral 2002-ci ildə ərizəçidə xroniki bronxopnevmoniya və xroniki enterokolit aşkar olunub.
(b) 15 aprel 2002-ci ildən sonra
40.
2002-ci ilin 23 aprel tarixindən 03 may tarixinədək ərizəçi Apellyasiya
Məhkəməsində aparılan araşdırmaların iddia olunan ədalətsizliyinə
etiraz edərək, aclıq aksiyasını keçirirdi. Bu müddət ərzində o, hər gün
həkim tərəfindən ziyarət edilirdi.
41.
05 may 2002-ci ildə kürəyində ağrılar haqqında şikayətlərindən sonra
onda radikulit müəyyən olunub və ona xardal plastırla müalicə yazılıb.
10 may 2002-ci ildə ərizəçidə «hipertonik növdə neyrosirkulyator
distoniya» müəyyən olunub və ona kaptoril, adelfan, papaverin, dibazol
və başqa dərmanlar yazılıb.
42.
22 may 2002-ci ildə o, həkim tərəfindən müayinə olunub və öskürməkdən,
böyük həcmdə bəlğəmin sekresiyasından, baş ağrılarından və ümumi
zəiflikdən şikayətlənib. Onda ağır xroniki bronxit müəyyən olunub və
ona kanamisin, biseptol, vitamin B və başqa dərmanlar yazılıb.
43.
14 noyabr 2002-ci ildə apellyasiya prosesi gedərkən, ərizəçinin vəkili
onun səhhətinin pisləşməsini iddia edərək və onun barəsində tibbi
müayinənin keçirilməsinin təşkil edilməsini xahiş edərək, Apellyasiya
Məhkəməsinin sədrinə məktub yazdı. 28 noyabr 2002-ci ildə ərizəçi
həbsxananın üç həkimi tərəfindən müayinə olunub və onlar öz
hesabatlarında qeyd ediblər ki, ərizəçinin səhhətində hər hansı
pisləşməni müəyyən etməyiblər.
44.
03 dekabr 2002-ci ildə ərizəçi bu müraciətə müvafiq olaraq həmin vaxtda
Ədliyyə Nazirliyinin tərkibində olan Məhkəmə Qərarlarının İcrası Baş
İdarəsinin («MQİBİ») mütəxəssislərinin iştirakı ilə həbsxananın bir
neçə həkimi tərəfindən müayinə olunub. Ərizəçidə «möhkəmlənmə fazasında
mərkəzləşdirilmiş vərəm», aterokardioskleroz və daxili hemorrhoids
müəyyən olunub. Həkimlər belə qənaətə gəliblər ki, nə ambulator, nə də
stasionar müalicə tələb olunub və məsləhət veriblər ki, ərizəçi diyeta
saxlasın və oturan yerdə isti vannalar qəbul etsin (elə bir vanna
növüdür ki, onda yalnız bud və yanlar suya batırılır), lakin diyetanın
növünü və vannaların mütəmadiliyini göstərməyiblər. Ərizəçiyə görə,
onların Qobustan həbsxanasında olan kameralarında isti su olmayıb və
isti duşu həftədə yalnız bir dəfə qəbul etməyə icazə verilirdi.
45.
20 dekabr 2003-cü ildə ərizəçi onun vəziyyətini müsbət hesab edən
həbsxana həkimi tərəfindən müayinə olunub və belə qənaətə gəlinib ki,
stasionar müalicə üçün ehtiyac yoxdur.
46.
04 yanvar 2003-cü ildə ümumi zəiflikdən, sinə və baş ağrılarından
şikayətlərindən sonra ərizəçini tibbi müayinə ediblər. Onda işemiya,
aterokardioskleroz və stenokardiya müəyyən olunub və ona korvalol və
aspirin daxil olmaqla bir neçə dərmanlar yazılıb.
47. 09 fevral 2003-cü ildə ərizəçi anal hissədə ağrıdan şikayətlənib və onda qemorroid müəyyən olunub.
48.
18 fevral 2003-cü ildə ərizəçinin vəkili tibbi müayinə üçün bir də
müraciət etdi. Bu müraciət 27 fevral 2003-cü ildə təkrarlanıb.
MQİBİ-nin Tibb İdarəsinin rəisi cənab Dadaşovun 06 mart 2003-cü il
tarixli məktubu ilə cavab verilib ki, ərizəçi 05 mart 2003-cü ildə
müayinə olunub, onun vəziyyəti qənaətbəxş hesab edilib, stasionar
müalicə tələb olunmayıb və o, adekvat simptomatik ambulator müalicə
qəbul edirdi.
49. 03 aprel 2003-cü ildə ərizəçidə hipertoniya və bronxopnevmoniya müəyyən olunub və ona bir neçə dərmanlar yazılıb.
50.
11 iyun 2003-cü ildə ərizəçi Azərbaycanın Kardioloji Mərkəzinin
müstəqil həkimi tərəfindən müayinə olunub və onda hipertoniya, xroniki
bronxit və osteoxondroz müəyyən olunub və ona bir neçə növ dərmanlar
yazılıb.
51.
25 dekabr 2003-cü ildə ərizəçinin tibbi sənədlərini yoxlayarkən,
MQİBİ-nin Tibb İdarəsinin rəisi tibbi hesabat («MQİBİ-nin tibbi
hesabatı») tərtib etdi və bu hesabatda ərizəçinin səhhətinin vəziyyəti
haqqında tibbi rəyini ifadə etdi.
52.
MQİBİ-nin tibbi hesabatının çox hissəsi 1997-ci ilin aprel ayından
2003-cü ilin dekabrınadək həbsxanada olduğu müddətə dair ərizəçinin
tibbi sənədlərinin təfsilatlı xülasəsindən ibarət olub. Hesabatda
aparılmış tibbi müayinələr və hər bir halda təyin olunmuş müalicə qeyd
olunub. MQİBİ-nin hesabatında göstərilib ki, hər xəstəlik tələb olunan
diqqətlə müalicə olunub və zərurət olduqda, ərizəçi lazımi dərmanlarla
və vərəmə görə stasionar müalicə daxil olmaqla, başqa müvafiq müalicə
ilə təmin edilib. Hesabat təqdim edirdi ki, belə müalicənin nəticəsində
ərizəçinin səhhəti yaxşılaşıb. Nəticədə qeyd olunub ki, hesabatın
tərtib olunduğu vaxtda ərizəçinin səhhəti qənaətbəxş olub və ona nə
ambulator, nə də stasionar müalicə tələb olunub.
53.
Təcili tibbi nəzarətin göstərilməsi haqqında ərizəçinin vəkilinin başqa
müraciətinə müvafiq olaraq, ərizəçi 10 iyun 2004-cü il tarixdə
MQİBİ-nin və Səhiyyə Nazirliyinin həkimləri tərəfindən müayinə olunub.
Qeyd olunub ki, onda aterokardioskleroz, miokardiumda müəyyən
dəyişikliklər, möhkəmlənmə fazasında mərkəzi vərəm və kəllə-beyin
zədəsinin qalıq əlamətləri vardır. Həkimlər belə qənaətə gəliblər ki,
ərizəçinin səhhəti qənaətbəxş olub və ona nə ambulator, nə də stasionar
müalicə tələb olunub.
2. Müstəqil tibbi rəy
54.
Ərizəçinin müraciətinə əsasən, 05 mart 2004-cü ildə Helsinki Vətəndaş
Assambleyasının Azərbaycan Milli Komitəsinin Tibbi Komissiyasının sədri
ərizəçinin tibbi sənədlərinə əsaslanan müstəqil tibbi ekspert rəyi
verdi («HVA rəyi»). Ekspert qeyd etdi ki, ümumiyyətlə, qeyri-mütəmadi
və qeyri-müvafiq tibbi müayinələrin nəticəsində ərizəçiyə xaotik və
kifayət qədər əsaslandırılmamış diaqnozlar verilib və ona yazılmış
ambulator və stasionar tibbi müalicə tamamilə səmərəsiz olub.
55.
Xüsusilə, ekspert göstərdi ki, vərəmin gecikdirilmiş ilkin aşkarlanması
və qeyri-dəqiq diaqnozlar xəstəliyin ağırlaşmasına gətirib çıxarıb.
Zəruri olan etiopatogenetik terapiya əvəzinə, ərizəçiyə, onda nəhayət
vərəmin müəyyən olunmasından üç aydan dörd ayadək müddət ərzində
qeyri-adekvat ambulator müalicə göstərilib, bu isə xəstəliyin
proqressiv xarakteri ilə nəticələnib.
56.
1997-ci ildən 2000-ci ilədək göstərilmiş müalicə DOTS standartları
daxil olmaqla, vərəmin aktiv müalicəsinin hər hansı standartlarına
cavab verməyib. Nəticədə, 1998-ci ilin aprel ayınadək xəstəlik faktiki
olaraq inkişaf edib və ərizəçinin ağ ciyərinin daha geniş hissələrinə
təsir göstərib. 1998-ci ilin sentyabrında tibbi hesabatlarda xəstəliyin
zəifləməsinin qeyd olunmasına baxmayaraq, bu fakt kliniki cəhətdən
təsdiqlənməyib. Belə qeyri-müvafiq müalicənin nəticəsində 2000-ci ilin
martında ərizəçinin səhhəti pisləşib və hospitalizasiya tələb olunub.
Stasionar müalicə DOTS proqramının standartlarına cavab verməyib, ona
görə ki, tələb edildiyindən qısa, dərmanlar isə dozadan az olub.
Ərizəçinin xəstəxanadan çıxmasından sonra DOTS müalicəsinin zəruri
davamiyyət fazası aparılmayıb.
57.
Ekspert daha sonra qeyd edib ki, ərizəçinin, həmçinin, xəstəxanaya
yerləşməsindən sonra aparılmış müalicə qeyri-adekvat olub. Xüsusilə, 27
yanvar 2001-ci ildəki tibbi müayinədən sonra yalnız onun şikayətlərinə
əsaslanan müəyyən dərmanlar yazılıb və müalicənin müddəti özbaşına
olub. Bundan başqa, yazılmış müalicənin dieta və oturan vannalar kimi
müəyyən növlərinə həbsxana şəraitində riayət edilməsi real olaraq
mümkünsüz olub.
58.
Ekspert, həmçinin qeyd edib ki, ərizəçinin ciddi həbsxana şəraitinə
görə o, Qobustan həbsxanasında qaldığı cinahın axşam saat 7-dən səhər
saat 11-dək gündəlik bağlanması ucbatından bu vaxt ərzində təcili tibbi
yardım almaq imkanından məhrum olunub.
59.
Nəhayət, ekspert belə qənaətə gəlib ki, 05 mart 2004-cü ildə HVA-nın
rəyinin verilməsi zamanı qeyri-mütəmadi özbaşına anti-bakterioloji
müalicəyə müvafiq olaraq vərəm müalicə olunmayıb və görünür ki,
zəifləmə və aktivləşmənin dəyişən dövrləri ilə xroniki xarakter alıb.
Ərizəçiyə dəqiq və kliniki təsdiq olunmuş diaqnoz qoyulmayıb, eləcə də,
belə diaqnoza uyğun olan hər hansı zəruri və müvafiq tibbi müalicə
aparılmayıb.
D. Adekvat tibbi müalicənin iddia olunan göstərilməməsinə görə kompensasiyanın əldə edilməsi cəhdləri
60.
Ərizəçiyə görə, Bayıl həbsxanasının əməkdaşları ona hər hansı yazı
materiallarından istifadə etməyə icazə vermədikləri üçün o, 05 yanvar
2001-ci ilədək Qobustan həbsxanasına köçürülməzdən əvvəl müvafiq tibbi
müalicənin alınmamasından yazılı şikayət edə bilməyib.
ardı burada |